Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib”, - məlumatda deyilir.
Bu xüsusda, səmərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Əliyev Türk dünyası xalqlarının bundan sonra da müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib.
Məlumata görə, görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən danışılıb.
“Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir”, - məlumatda vurğulanır.
Tatar öz növbəsində Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Əliyevi təbrik etdi.
Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. **
V.Əliyev