2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 milyard 137,6 milyon manat və ya hesabat dövrü ərzində ÜDM-in 1,25%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, dövlət büdcəsinin gəlirləri 22 milyard 76,9 milyon manat (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 1,5%) təşkil edib. Həmçinin, gəlirlər üzrə plan 87,4% icra olunub.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 59,5%-i qeyri neft-qaz sektoru üzrə daxilolmalar təşkil etməklə 13 milyard 130,8 milyon manat(2022-ci ilin yanvar-sentyabr aylarının göstəricisndən +13,2%) olub, proqnoz 106% icra olunub.
Neft-qaz gəlirləri 8 milyard 946,1 milyon manat (azalma 17,2%) və ya büdcə gəlirlərinin 40,5%-ni təşkil edib, proqnoz 69,5% icra olunub.
Bütövlükdə, gəlirlərin strukturunda Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar 12 milyard 810,7 milyon manat (+22,6%, proqnoz 106% cra olunub), Dövlət Gömrük Komitəsinin xətti ilə - 4 milyard 706,6 milyon manat (+11,3%, proqnoz 107,1% icra olunub), ARDNF-dən transfertlər – 3 milyard 550 milyon manat (-45,7%, proqnoz 45,6% icra olunub) təşkil edib, qalanı digər mənbələrdən formalaşıb.
2023-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 23 milyard 214,5 milyon manat (artım 13,4%) təşkil edib, proqnoz 100,6% icra olunub.
Xərclərin strukturunda dövlət büdcəsi xərclərinin 14 milyard 118,4 milyon manatı və ya 60,8%-i cari xərclərə, 8 milyard 382,4 milyon manatı və ya 36,1%-i əsaslı xərclərə, 713,7 milyon manatı və ya 3,1%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Müdafiə və milli təhlükəsizlik xərcləri 91,3% icra edilməklə 3 milyard 468,9 milyon manat,sosial müdafiə və sosial təminat xərcləri 118,2% icra edilməklə 3 milyard 214,1 milyon manat,təhsil xərcləri 97,6% icra edilməklə 2 milyard 709,1 milyon manat,ümumi dövlət xidmətləri xərcləri 91,9% icra edilməklə 2 milyard 486,3 milyon manat,səhiyyə xərcləri 106,8% icra edilməklə 1 milyard 214 milyon manat, kənd təsərrüfatı xərcləri 89,4% icra edilməklə 676,9 milyon manat,iqtisadi fəaliyyət xərcləri 108,6% icra edilməklə 6 milyard 431,5 milyon manat təşkil edib.
Cari ilin yanvar-sentaybr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurun) yenidən qurulması və bərpasına 3 milyard 741 milyon manat yönəldib.
Maliyyə Nazirliyinin məlumatına görə, 9 ay ərzində icmal büdcənin gəlirləri 36 milyard 889,3 milyon manat (+24,1%), xərcləri – 25 milyard 898,4 milyon manat (+ 14,7%) təşkil edib. İcmal büdcənin profisiti 10 milyard 990,9 milyon manat və ya hesabat dövrü əfrzində ÜDM-in 12,1%-ni təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə yenilənmiş proqnoz 33 milyard 779,5 milyon manat, xərcləri üzrə proqnoz 36 milyard 568,8 milyon manat təşkil edib. Dövlət büdcəsinin kəsiri 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
R.Əhmədov