Azərbaycan hökuməti 2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin (Qarabağ və Şərqi Zəngəzurda) bərpası və yenidənqurması üzrə layihələrin maliyyələşməsinə 4 milyard manat (cari məzənnə ilə $2 milyard 352,9 mlyon) məbləğində vəsait ayırmağı nəzərdə tutub. Bu barədə “İnterfaks-Azərbaycan”a Milli Məclisdən məlumat verilib.
"2024-cü il üçün dövlət büdcəsi layihəsi parlamentə təqdim olunub. Burada azad edilmiş ərazilərin bərpası layihələrinə ümumilikdə 4 milyard manat nəzərdə tutulub", - qanunvericilik orqanındakı mənbə bildirib.
Xüsusilə, dövlət kapital qoyuluşları çərçivəsində gələn il bu məqsədlərə 3 milyard 825 milyon manat (cari məzənnə üzrə $2 milyard 250 milyon) yönəldilməsi planlaşdırılır. Bundan başqa, bu məqsədlər üçün daha 175 milyon manat ($102,9 milyon) büdcə fondlarından ayrılması nəzərdə tutulub.
Xəbər verildiyi kimi, 2023-cü ilin dövlət büdcəsində dövlət kapital qouluşları çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası layihələrinin maliyyələşdirilməsi üçün 4,8 milyard manat ayrılması nəzərdə tutulub. Bu vəsaitin 3 milyard 741 milyon manatı və ya 77,9%-i bu ilin yanvar-sentyabr aylarında sərf edilib. **
R.Əhmədov