2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti dövlət büdcəsindən 713,7 milyon manat dövlət borcunun xidmətinə yönəldib. Bu barədə “İngterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
“Yanvar-sentyabr aylarında sözügedən xərclərin 591,9 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 121,8 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür”, - nazirlikdən qeyd olunub.
Məlumata görə, 9 ay ərzində Maliyyə Nazirliyi tərəfindən 989,9 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilib.
Nazirliyin qiymətləndirmələrinə əsasən, 2023-cü il 1 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi məbləği 17 milyard 203,3 milyon manat və ya cari il üzrə proqnozlaşdırılan ÜDM-in 14,4%-ni təşkil edib. Həmçinin, xarici dövlət borcu $6 milyard 535 miyon (11 milyard 109,5 milyon manat), daxili borcu – 6 milyard 93,8 milyon manat və ya ÜDM-in 9,3%-i həcmində təşkil edib. **
R.Əhmədov