Azərbaycan prezidenti İlham Əliyev bazar günü bəyan edib ki, cari il 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ regionunda lokal xarakterli antiterror əməliyyatı qaçılmaz idi.
“Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır”, - Əliyev bazar günü Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimində deyib.
Əliyev qeyd edib ki, getdikcə ümidlər azalırdı: “Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər”.
Dövlət başçısı bu məsələ ilə məşğul olmuş vasitəçilər in fəaliyyətinə toxunaraq qeyd edib ki, onlar əslində münaqişəni dondurmaq, əbədi etmək istəyirdilər.
“İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”, - Əliyev deyib. **
V.Əliyev