Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 20 il əvvəl ilk dəfə ölkə rəhbəri seçildiyi zaman verdiyi vədi yerinə yetirib - bu gün Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə qaldırılıb.
15 oktyabr 2003-cü ildə İlham Əliyev ilk dəfə Azərbaycan prezidenti seçilib.
“20 il bundan əvvəl Azərbaycan prezidenti kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”, - Əliyev bazar günü Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimində deyib.
Onun sözlərinə görə, “biz bu gün buradayıq, Xankəndidəyik”, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. “Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”, - dövlət başçısı deyib.
O qeyd edib ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi.
“Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”, - o əlavə edib. **
A.Əzizov