Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, həbsdə olan Qarabağ separtçılarının qondarma “liderləri”ni layiqli cəza gözləyir.
“O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binasında oturmuş özünü “prezident” adlandıran 3 təlxək (Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan - İF) bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək?Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara”, - Əliyev bazar günü Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimində deyib.
Dövlət başçısı təəssüflə qeyd edib ki, onun 20 il bundan əvvəl dediyi və ondan sonra dəfələrlə təkrar etdiyi sözlər Qarabağ separatçılarına çatmadı.
“Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini (2020-ci ilin payızında - İF) unutmasınlar! Antiterror tədbirlərini (19-20 sentyabr 2023-cü il - İF) unutmasınlar!”, - prezident bəyan edib.
Həmçinin, Əliyev qeyd edib ki, beynəlxalq aktorlar Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyiblər.
“Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində”, - Azərbaycan lideri deyib. **
V.Əliyev