Azərbaycan hökuməti 2024-cü il dövlət büdcəsi layihəsində dövlət şirkətlərindən və dövlətin paya malik olduğu banklardan 558,22 milyon manat dividendin əldə ediləcəyini nəzərdə tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
2023-cü il dövlət büdcəsində bu cür daxilolmalar 321,21 milyon manat səviyyəsində nəzərdə tutulub.
Beləliklə, Azərbaycan hökuməti 2024-cü ildə dövlət şirkətlərindən dividend şəklində büdcəyə daxilolmaların 73,8% artacağına ümid edir.
Xəbər verildiyi kimi, dövlət şirkətləri və dövlətin paya malik olduğu kredit təşkilatları 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə 130 milyon 656,8 min manat (cari il üzrə $76,8 milyon) dividend ödəyib ki, bu da 2021-ci ilin göstəricisindən 2,9% çoxdur.
Eyni zamanda, 2022-ci ildə dövlət şirkətləri və kredit təşkilatlarından dividend ödənişləri üzrə plan 122,7% yerinə yetirilib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2022-ci ildə dövlətə 120 milyon 458,8 min manat məbləğində (plandan 20,5% çox) dividend ödəyib. Eyni zamanda, 2021-ci illə müqayisədə 2022-ci ildə bankdan daxil olan dividendlər 0,3% azalıb.
Bundan başqa, “Aqrarkredit” QSC 198 min manat (2022-ci il üçün dividend nəzərdə tutulmayıb), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) isə 10 milyon manat (2 dəfə) dividend ödəyib.*
R.Əhmədov