Fransanın “TotalEnergies” şirkəti iyul-sentyabr aylarında “Abşeron” qaz-kondensat yatağından 400 milyon kubmetr qaz hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Operativ məlumatlara görə, 1 oktyabr 2023-cü il tarixinədək “Abşeron” yatağından 400 milyon kubmetr təbii qaz və 140 min ton kondensat hasil edilib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, “TotalEnergies” və SOCAR 2023-cü il iyulun 10-da “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıldığını elan edib. Hazırda İHS mərhələsinin hasilat gücü gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
“Abşeron” layihəsində SOCAR və “TotalEnergies” hər biri 50% iştirak payına malik idi. Lakin 2023-cü il avqustun 4-də Abu Dabi Milli Neft Şirkəti (ADNOC) layihədə 30% iştirak payı (SOCAR və “TotalEnergies”in hər birindən 15% olmaqla) əldə edib. Satınalma tamamlandıqdan sonra SOCAR və “TotalEnergies”in hər birinin iştirak payı 35% təşkil edəcək.
“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. İlkin qiymətləndirmələrə görə, yataq 300 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yataq mərhələli şəkildə işlənəcək.
Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Layihə çərçivəsində hasilatın pik həddi ildə 5,5-6 milyard kubmetr təşkil edə bilər.*
N.Abbasova