2023-cü ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” blokundan (AÇG) 13,5 milyon ton neft hasil edilib ki, bu da hesabat dövründə Azərbaycanda bütün hasilatın 59,5%-ni təşkil edir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları üzrəölkədə 22,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, azalma 7,3% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi qeyd edir ki, respublika üzrə neft hasilatının 13,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 12,3% - İF), 3,3 milyon tonu (kondensat) “Şahdəniz”in (2022-ci ilin 9 ayının göstəricisi səviyyəsində - İF), 140 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,8 milyon ton (bütün neft hasilatının 25,6%-i, 2022-ci ilin 9 ayının göstəricisi ilə eyni səviyyədə qalıb – İF) təşkil edib.
Hesabat dövründə 19 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub, azalma 3,6% təşkil edib. Bunun 16,7 milyon tonu konsorsiumun (azalma 10,2% - İF), 2,3 milyon tonu isə SOCAR-ın (artım 2,1 dəfə - İF) payına düşüb.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə Bakı Neft Emalı Zavodunda neftin emalı 4,9 milyon ton (artım 8,9%) təşkil edib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 580,4 milyon ton neft, “Şahdəniz”dən isə 43,5 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 oktyabr 2023-cü il tarixinədək 622 milyon tonu ixraca nəql edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova