2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 133 milyon 541,92 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 23,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,01%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $864 milyon dəyərində (artım 37,7%) məhsul ixrac edilib. Bütövlükdə Azərbaycandan ixracın 3,26%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 5-ci yerdədir).
Hesabat aylarında Rusiyadan Azərbaycana $2 milyard 269 milyon 541,46 min dəyərində (artım 18,8%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 17,99% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 405 milyon 541 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.*
B.Rüstəmbəyov