2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 20 milyard 420 milyon 595,61 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 23,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 43,07%-i (2022-ci ilin yanvar-sentyabr aylarında 41%-i) qaz ixracının payına düşüb.
Azərbaycan qazının ixrac dəyəri $11 milyard 409 milyon 531,09 min (azalma 5,7%) təşkil edib.
DGK Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etmir.
DGK tərəfindən ixrac statistikası bəyannamə əsasında aparılır. Satılmış qaza dair bəyannamə onun boru kəmərləri ilə nəqli zamanı deyil, real satışı həyata keçirildikdən sonra təqdim olunur.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Rumıniyaya qaz ixracı isə 2023-cü il yanvarın 1-dən etibarən həyata keçirilir.
Bundan başqa, Azərbaycan qazı Türkiyə (TANAP və Cənubi Qafqaz boru kəməri (CQBK) ilə) və Gürcüstana (CQBK və Qazıməmməd-Qazax qaz kəməri ilə) da ixrac edilir.*
N.Abbasova