Oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefon danışığı aparıb.
“Telefon danışığı zamanı regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub”, - deyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bayramov Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddiaların əsassız olduğunu, bunun Ermənistanın və bəzi ölkələrin siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyini bildirib.
Nazir Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığını, bu istiqamətdə işlər həyata keçirildiyini, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyini qeyd edib.
“Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Bakının Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğu diqqətə çatdırılıb”, - deyə XİN-dən vurğulanıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
N.Abbasova