Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağında ciddi humanitar böhran barədə xəbərdarlıq edib və təcili olaraq bölgəyə maneəsiz yardımın çatdırılmasını təmin etməyə çağırıb. Bu barədə Avropa mediası xəbər verir.
ÜST-nin Şərqi Aralıq dənizi rayonundakı fövqəladə vəziyyət üzrə regional direktoru Riçard Brennan bəyan edib ki, ÜST nümayəndələri çərşənbə axşamı humanitar yardım gətirmək imkanına nail olmaq üçün «müvafiq qərarlar qəbul edən rəsmilərlə» görüşürlər. Bununla yanaşı, o, söhbətin hansı təmaslar barədə getdiyini dəqiqləşdirməyib.
O qeyd edib ki, dərman, ərzaq və digər əsas zəruri əşyalar olan yük maşınları hələ də Misir və Qəzza zolağı sərhədindəki Rafah şəhərində nəzarət-buraxılış məntəqəsindədirlər.
«Biz yolumuza davam etmək və onu Qəzzaya çatdırmaq üçün fürsət gözləyirik», - Brennan bildirib. **