Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdardır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr (Qəzza zolağında - İF) narahatlıq doğurur. Azərbaycan hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış edir. Beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsi Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həll edilməlidir”, - deyə Bayramov oktyabrın 18-də İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Ciddə şəhərində keçirilən növbədənkənar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dinc insanların həyatına qarşı təhlükənin, habelə mövcud vəziyyətin gərginləşdirilməsinin qarşısının alınması istiqamətində mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunması vacibdir.
Nazir münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyətini qeyd edib.
Bayramov Azərbaycanın fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.*
R.Əhmədov