Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, nazirlərin görüşü oktyabrın 18-də İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclası çərçivəsində baş tutub.
Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
“Son zamanlar iki ölkə arasında artan ikitərəfli təmasların, ikitərəfli iqtisadi komissiya çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti qeyd olunub. Bu təmasların iki ölkə arasında gündəkdə duran bəzi məsələlərin həlli üçün də vacib olduğu bildirilib”, - deyə məlumatda qeyd olunub.
Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri, habelə Qarabağ bölgəsində görülən antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, regional əməkdaşlığın təşviqində qərarlıdır.
Görüşdə, həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov