“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu qərar oktyabrın 19-dan qüvvəyə minir.
Beləliklə, Azərbaycanda fəaliyyət lisenziyasına malik olan bankların ümumi sayı 23 təşkil edir.
AMB-nin qərarı məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olması, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmaması ilə əlaqədardır.
Tənzimləyicinin məlumatına görə, lisenziya “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
“AMB-nin qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib”, - AMB-nin məlumatında qeyd olunur.
Tənzimləyicinin statistik məlumatlarına əsasən, “Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir.
AMB-dən vurğulanıb ki, “Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
“Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək.
“Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 faizinin əmanətləri kompensasiya olunacaq”, - AMB-dən vurğulanır.
2023-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın zərəri 1 milyon 287 min manat (2022-ci ilin 9 ayı ərzində xalis mənfəəti 703 min manat olub) təşkil edib. **
X.Nəsirzadə