Azərbaycan 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacaQ.Bu barədə Maliyyə Nazirliyi BMT-nin proqnozlarına əsasən məlumat verir.
“BMT-nin son proqnozlarına əsasən, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Azərbaycanda su təchizatı 23% azalacaq. Eyni zamanda,Azərbaycanın 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacağı proqnozlaşdırılır”, - Maliyyə Nazirliyinin büdcə materiallarında deyilir.
BMT-nin hesabatına əsasən, optimist ssenari üzrə Azərbaycanın su ehtiyatlarının miqdarı (transsərhəd su ehtiyatları ilə birlikdə) 2040-cı ildə 5-10%, 2070-ci ildə isə 10-15% və pessimist ssenari üzrə cari dəyərlərlə müqayisədə 2040-cı ildə 10-15%, 2070-ci ildə isə 15- 25% azalacaq.
“Bütün bu qeyd edilən amillər su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir”, - nazirlikdən vurğulanır.
Qeyd olunur ki, ölkədə adambaşına düşən məcmu su ehtiyatları nisbətən aşağıdır və su təchizatının 70-75%-i Azərbaycan hüdudlarından kənarda yaranan mənbələrdən qaynaqlanır. Azərbaycanda su ehtiyatlarının həm mövsümi, həm də məkan baxımından qeyribərabər paylanması səbəbilə su təchizatında bir sıra problemlər yaranıb.
“Eyni zamanda, su qıtlığı Azərbaycanın müəyyən bölgələrində əkin məhsuldarlığına da mənfi təsir göstərir. Gələcək onilliklərdə Azərbaycanda yağıntıların proqnozlaşdırılan səviyyələri ilə bağlı qeyri-müəyyənlik olsa da, temperaturun artması su ehtiyatlarının daha çox buxarlanmasına, çay axınlarının azalmasına, buzlaqların daha sürətlə əriməsinə və nəticədə şirin su ehtiyatlarının azalmasına gətirib çıxara bilər”, -Maliyyə Nazirliyi qeyd edir. **
N.Abbasova