“Azərişıq” ASC Kəlbəcər və Laçın rayonlarında yaşayış məntəqələri, Zəngilan və Qubadlı şəhər ərazisində (Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir) yerləşən hərbi hissələrin xarici elektrik təchizatı işlərinə 5 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, “Azərişıq” qeyd olunan işlərin icrasına dair"19 SAYLI TİKİNTİ TƏMİR İDARƏSİ"MMC ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri – 4 milyon 681 min 536,86 manatdır.
İşlər 19 dekabr 2023-cü il tarixinədək başa çatmalıdır. Bu işlərin həcminə Kəlbəcər rayonunun Yanşaq,Keşdək, Zod və Hospital, Laçın rayonunun Qaragöl və Zabux-Malıbəyli yolunda yerləşən yaşayış məntəqələri, Zəngilan və Qubadlı şəhər ərazisində yerləşən hərbi hissələrin xarici elektrik təchizatı işləri daxildir.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova