Azərbaycan hökuməti birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlayır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün “vahid pəncərə” prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Həmçinin birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır”, - deyə nazir rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O qeyd edib ki, 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi $310,4 milyard təşkil edib, bunun $154,1 milyardı xarici investisiya olub.
“2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların həcmi $100,7 milyard olub”, - deyə Cabbarov bildirib.
Nazir vurğulayıb ki, 2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi $2,8 milyard idisə, 2022-ci il üzrə bu rəqəm $17,1 milyard təşkil edib.*
B.Rüstəmbəyov