2023-cü ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 29 milyard kVt•st-dan çox olacaq. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2003-cü illə müqayisədə 2022-ci ildə elektrik enerjisinin ixracı 37% artaraq 29 milyard 4,3 milyon kVt•st olub. 2023-cü ilin sonuna 29 milyard kVt•st-dan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır”, - deyə nazir bu gün rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
O qeyd edib ki, 20 il ərzində ümumi gücü 4000 MVt-a yaxın 71 elektrik stansiyasının inşası ilə Azərbaycanın enerji sisteminin qoyuluş gücü 8002 MVt-a yüksəlib.
Hazırda Azərbaycanda 78 stansiya fəaliyyət göstərir: bunlardan 22-si istilik-elektrik stansiyası, 39-u su, 5-i külək, 8-i günəş enerjisi ilə işləyən stansiyalardır. Həmçinin 3 hibrid elektrik stansiya və 1 bioenerji elektrik stansiyası fəaliyyətdədir.
“2025-ci ildə Mingəçevirdə 1280 MVt-lıq yeni istilik elektrik stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır”, - deyə Şahbazov əlavə edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 milyard 279,7 milyon kVt•st elektrik enerjisi (2022-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə +0,1%) istehsal edilib.*
N.Abbasova