Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki paylaşımında beynəlxalq birliyi Qəzza zolağında atəşkəsin bərqərar edilməsinə kömək etməyə çağırıb.
“Bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzza zolağında atəşkəsin tezliklə bərqərar edilməsi təşəbbüslərini dəstəkləməyə çağırıram”, - deyə o yazıb.
Bundan başqa, Türkiyə lideri İsrail hökumətini dinc sakinlərə zərbələr endirməməyə çağırıb.
“Mən bir daha İsrail Administrasiyasını mülki şəxslərə hücumların miqyasını genişləndirməməyə və soyqırıma bərabər olan əməliyyatları dərhal dayandırmağa çağırıram”, - deyə Ərdoğan qeyd edib.
O, İsrail-HƏMAS münaqişəsini “Qərb ölkələrinin təşviq etdiyi dəlilik” adlandırıb.
Ərdoğan bildirib ki, Ankara gələcəkdə qan tökülməsinin və yeni humanitar faciələrin qarşısının alınması istiqamətində səylərini davam etdirəcək.
“Türkiyə Fələstindəki münaqişənin geri dönülməz nöqtəyə çatmadan həllinə töhfə verməyə davam edəcək”, - deyə Türkiyə Prezidenti vurğulayıb.*