Xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 20-də Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
“Görüşdə Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlərin cari vəziyyəti və perspektivləri, Azərbaycanın son antiterror tədbirlərindən sonra regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesindəki mümkün inkişaf perspektivləri müzakirə olunub”, - deyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bayramov Azərbaycanın bu il 19-20 sentyabr tarixlərində həyata keçirdiyi legitim antiterror tədbirlərinin bölgədə sülh və sabitlik üçün əhəmiyyətini diqqətə çatdırıb.
Nazir 30 ilə yaxın işğal dövründə qondarma rejim tərəfindən BMT-nin heç bir qurumunun əraziyə səfər etməsinə imkan yaradılmadığı halda, Azərbaycan tərəfindən antiterror tədbirləri başa çatdıqdan dərhal sonra BMT-nin iki missiyasının Qarabağ bölgəsinə səfərinin təşkil edildiyini bildirib.
“Bayramov regionda sülh üçün unikal tarixi imkanın yarandığını vurğulayıb”, - deyə XİN-dən qeyd olunub.*
R.Əhmədov