İsrail və HƏMAS qruplaşması arasında münaqişənin mümkün genişlənməsi beynəlxalq bazara neft tədarükünə təsir göstərəcək. Bunu İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani Qahirədə keçirilən sammitdə deyib.
“İraqın baş naziri şənbə günü xəbərdarlıq edib ki, əgər İsraillə HƏMAS arasında müharibə bölgənin digər ölkələrinə yayılarsa, bu, beynəlxalq bazarlara neft tədarükünə təsir göstərəcək”, - deyə “Associated Press” bildirir.
Baş nazirin sözlərinə görə, bu münaqişə qlobal təhlükəsizliyə təsir edəcək, regionda fikir ayrılıqlarının artmasına kömək edəcək, enerji daşıyıcılarının tədarükünü təhlükə altına qoyacaq, iqtisadi böhranı gücləndirəcək və gələcək münaqişələrə yol açacaq.
O, dərhal atəşkəsə və əsirlərin mübadiləsinə çağırıb. Əs-Sudani qeyd edib ki, əgər BMT-nin qətnamələri yerinə yetirilsəydi, vəziyyət bu həddə çatmazdı.
Sammiti açan Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi fələstinlilərin Qəzza zolağından Sinay yarımadasına köçürülməsinin yolverilməz olması ilə bağlı Qahirənin mövqeyini təkrarlayıb. O, Qəzza zolağına yardımın çatdırılmasını, İsraillə fələstinlilər arasında sülh danışıqlarının aparılmasını, 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan Fəaliyyət Planını səsləndirib.
Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud da anklav əhalisinin zorla köçürülməsinin yolverilməz olduğunu bildirib.*