SOCAR şirkəti 2024-cü ildə Türkiyədə STAR NEZ-in (neft emalı zavodu) gücünü illik 13 milyon tona çatdırmağı planlaşdırır. Bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in ("SOCAR Turkiye" şirkətinin neft emalı və neft-kimya bölməsi - İF) yeni rəhbəri Kənan Mirzəyev bəyan edib.
"Yarandığı gündən indədək zavodun dizaynında optimallaşdırma imkanlarından istifadə etməklə STAR NEZ kiçik investisiyalar hesabına gücünün mühüm dərəcədə artmasına nail olub. Xüsusilə, NEZ-in gücü illik 10 milyon tondan 12 milyon tona çatdırılıb. Biz bu gücün 2024-cü ildə ildə 13 milyon tona çatdırılmasını hədəfləyirik", - “İnterfaks-Azərbaycan” Mirzəyevin Türkiyə mətbuatına müsahibəsindən sitat gətirir.
O xatırladıb ki, Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının 25%-ni təmin edən və daxili bazarda payının 19,5%-ni təmin edən STAR NEZ 2022-ci ildə uğurlu rentabellik göstəricilərini nümayiş etdirib.
"Demək olar ki, bu dinamika 2023-cü ildə də davam edir. Xüsusilə, Brent nefti ilə digər bölgələr arasındakı qiymət fərqi xammal baxımından bizə müsbət təsir göstərdi və zavodun EBITDA-nın daha yaxşı planlaşdırılmasının əsas səbəbi oldu. Biz bu uğurlu fəaliyyətimizi 2024-cü ildə də qorumağa çalışırıq", - Mirzəyev bildirib.
O əlavə edib ki, bütövlükdə SOCAR-ın həm PETKİM neft-kimya kompleksi, həm də STAR NEZ-in fəaliyyətinə dair proqnozları müsbətdir, “bu da cari bazar şərtləri və gözlənilən qlobal tendensiyalarına uyğundur”.
"Əlbəttə ki, bu qiymətləndirmələr qlobal iqtisadi və siyasi dinamikadan asılı olaraq dəyişə bilər. Lakin cari məlumatlara əsasən demək olar ki, şirkətlərimiz öz göstəricilərini qoruyub saxlayır və artmaqda davam edir", - o qeyd edib.
“SOCAR Turkey Refining and Petrochemical Business Unit”ə “STAR” NEZ, “Petkim” neft-kimya holdinqi, “SOCAR Ticaret” (ticarət bölməsi), “SOCAR Depolama” (neft məhsulları və maye qaz saxlama bölməsi), “Petkim RES” (külək elektrik stansiyasının fəaliyyətinə cavabdeh bölmə) daxildir.
19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
Hazırda zavodda 20-dən çox neft növü emal edilir. Zavodun dizaynına görə emal üçün ən uyğunu ağır neft növləridir.
SOCAR “STAR” NEZ-in tikintisi layihəsinə $7 milyarda yaxın sərmayə qoyub.**
N.Abbasova