Bazar ertəsi prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını edib.
Dövlət başçısının saytında məlumat verilir ki, iqtisadiyyat naziri Mikaıl Cabbarov məlumat verib ki, investisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
Sənaye parkının 3,5 hektar ərazisində inşa edilmiş müəssisədə iki növ məhsulun – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir.
“İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə, MDB ölkələrinə ixracı da planlaşdırılır”, - məlumatda deyilir.
“Novus Plastica” MMC tərəfindən “SOCAR Polymer” MMC-nin və “Azərikimya” İstehsalat Birliyinin məhsullarından xammal kimi istifadə olunacaq.
**
X.Nəsirzadə