“Kartaş Kimya” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisindəTikinti kimyəvilərinin istehsalı müəssisəsinin yaradılmasına 17 milyon manat dəyərində (cari məzənnə ilə $10 milyon) yatırım həyata keçirəcək.
Bazar ertəsi prezident İlham Əliyevin iştirakı ilə “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyuldu.
Dövlət başçısına məlumat verildi ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
“Şirkət tərəfindən sənaye parkının 2,5 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 250 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək”, - dövlət başçısının saytında məlumat verilir.
“Kartaş Kimya” MMC 2000-ci ildə Azərbaycanda yaradılıb və “Mr. Fix” brendi ilə tikinti kimyəviləri istehsalına başlayıb. Müəssisə müxtəlif təyinatlı kafel və keramika yapışdırıcıları, dərz doldurucuları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, təmir məhlulları, üzlük və döşəmə materialları, beton qatqıları, sement üyüdmə qatqıları, termo izolyasiya materialları istehsal edir. **
N.Abbasova