Bakı İrəvandan sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə qarşılıqlı addımlar və konstruktiv yanaşma gözləyir. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə çıxış edib.
“Nazir Bayramov çıxışında Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırıb və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu diqqətə çatdırıb”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Nazir Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpasının Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açdığını vurğulayıb. **
N.Abbasova