Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması Bakı və Tehran arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcək. Bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehranda bildirib.
«Nazir Bayramov çıxışında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran İslam Respublikasının ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionumuzda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yaradacağını vurğulayıb”, - XİN-in məlumatında deyilir.
Bayramov “3+3” formatının regional problemlərə region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını xatırladıb.
Bayramovun sözlərinə görə, platforma mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malikdir.
Nazir region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi “suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın” vacibliyini vurğulayıb.
Həmçinin, Bayramov Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşlarımızı əhatə etdiyini qeyd edib.
“Regional bağlantıların təşviqi yalnız tranzit və nəqliyyat sahələrində deyil, enerji təhlükəsizliyi və energetika kimi sahələrdə istifadə olunmamış geniş potensialdan faydalanmaq üçün də vacibdir”, - Bayramov bəyan edib.
Onun fikrincə, region ölkələri arasında bağlantılar iqtisadi faydaları ilə yanaşı, müsbət qarşılıqlı asılılığa təkan vermək və beləliklə, sülh və sabitliyə töhfə vermək baxımından da eyni dərəcədə əhəmiyyətlidir. **
N.Abbasova