“Çinar-Servis” İstehsal-kommersiya firması və “Kartaş Kimya” MMC Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində müəssisələrini 2024-2025-ci illərdə işə salacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SKSP-dən məlumat verilib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin və “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.
“Hər iki müəssisənin 2024-2025-ci illərdə işə salınması planlaşdırılır”, - deyə SKSP-nin nümayəndəsi bildirib.
“Çinar-Servis” Texniki qazların istehsalı müəssisəsinə 13,3 milyon manat (cari məzənnə ilə $7,8 milyon) investisiya yatıracaq. Layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq. “Çinar-Servis” tərəfindən istehsal olunan sənaye qazları ölkəmizdə bu məhsullara tələbatı ödəməklə yanaşı, Gürcüstana, Türkiyəyə, Rusiyaya da ixrac ediləcək.
“Kartaş Kimya” MMC müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisənin inşasına 17 milyon manat investisiya (cari məzənnə ilə $10 milyon) yatıracaq.
Sənaye parkının 2,5 hektar ərazisində inşa ediləcək müəssisədə 250 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən hazırda 23-ü fəaliyyət göstərir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox sərmayə yatırılıb.
Parkın ərazisi 583,5 hektardır.*
B.Rüstəmbəyov