Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun Cənubi Qafqazda vəziyyətin qiymətləndirilməsi ilə bağlı bəyanatına etiraz edib.
“Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun İrəvana səfəri zamanı verdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatları təəssüf doğurur. Biz növbəti dəfə Ermənistan rəhbərliyinin havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Təəssüflər olsun ki, Almaniya Bundestaqındakı destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və bəyanatların səsləndirilməsinə rəvac verir”, - deyə komitənin “İnterfaks-Azərbaycan” agentliyinə daxil olmuş etiraz bəyanatında bildirilib.
“Biz, öz növbəmizdə, almaniyalı həmkarımızın Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlərlə bağlı, o cümlədən həm Ermənistanda, həm də Azərbaycanda mədəni abidələrin dağıdılması, tarixi irsin silinməsinə görə Ermənistana sanksiyaların tətbiq olunması üçün çağırış etmədiyi halda, Azərbaycanı sanksiyalarla hədələməsini siyasi riyakarlıq kimi qiymətləndirir, ikili standartların bariz nümunəsi kimi qəbul edirik. Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları bir daha qətiyyətlə rədd edirik”, - deyə bəyanatda vurğulanıb.*
R.Əhmədov