2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1 milyon 535,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 31%-i Rusiya Federasiyası, 17,8%-i Türkiyə, 7,5%-i İran, 5%-i Hindistan, 4,8%-i Gürcüstan, 4,3%-i Səudiyyə Ərəbistanı, 2,7%-i Qazaxıstan, 2,5%-i Pakistan, 2%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, 1,7%-i İsrail, hər birindən 1,5% olmaqla Küveyt və Ukrayna, 1,4%-i Belarus, 1,2%-i Türkmənistan, hər birindən 1,1% olmaqla Böyük Britaniya və Çin, 11,1%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 69,7%-ni kişilər, 30,3%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 619,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 39,5% artaraq 77,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3% azalaraq 257,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,2%-i hava, 26,5%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 24,7% artaraq 1 milyon 384,8 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 49,5%, Gürcüstana gedənlərin sayı 31,7%, Türkiyəyə gedənlərin sayı 17,5% artıb, İrana gedənlərin sayı 17% azalıb.
Ölkə vətəndaşlarının 44,6%-i Türkiyəyə, 21,2%-i Rusiya Federasiyasına, 9%-i Gürcüstana, 7,4%-i İrana, 17,8%-i digər ölkələrə səfər edib. Gedənlərin 65%-ni kişilər, 35%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.**
B.Rüstəmbəyov