Azərbaycan və Türkmənistan Xəzərin şelfində “Dostluq” neft-qaz yatağının işlənməsi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirirlər.
«Hələlik sənədlərin razılaşdırılması prosesi gedir», - SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov «Türkmənistanın neft və qazı» adlı Beynəlxalq konfrans zamanı jurnalistlərə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, layihənin hüquqi statusu müəyyənləşdirilib. «Bu, xüsusi iqtisadi zona olacaq», - Nəsirov aydınlıq gətirib.
Onun sözlərinə görə, Azərbaycan Energetika Nazirliyi koordinatların, işlənilmə prinsiplərinin müəyyənləşdirilməsi, maliyyələşdirilməsi, məhsulun və mənfəətin bölüşdürülməsi məsələləri ilə məşğul olur.
«Bəzi səbəblərdən proses istədiyimiz qədər sürətlə getmir», - vitse-prezident əlavə edib. «Dedlaynlar yoxdur, lakin zənnimcə, tələsməliyik», - o deyib.
2021-ci il yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Yatağın ehtiyatı mütəxəssislər tərəfindən 50 milyon ton neft qiymətləndirilir. Layihənin investoru kimi «LUKOIL» şirkəti seçilib. Azərbaycan mətbuatının məlumatına görə, “Dostluq”un karbohidrogen resursları gələcək razılaşmaya əsasən 30% (Azərbaycan) və 70% (Türkmənistan) nisbətində paylanacaq. **