Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Praqada və Brüsseldə razılaşmalar əsasında Bakı ilə sülh sazişinin formalaşmasına ümid edir.
"Ümid edirik ki, 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli görüşdə, 14 may 2023-cü ildə Brüsseldə üçtərəfli görüşdə və 15 iyul 2023-cü il dəBrüsseldə üçtərəfli görüşdə əldə olunan razılaşmalar yaxın gələcəkdə rəsmiləşdiriləcək, təsdiqlənəcək və sülh müqaviləsinin əsası olacaq", - Paşinyan “The Wall Street Journal» nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət üç prinsipdən gedir.
"Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin 29,8 min kvadrat km və 86,6 min kvadrat km ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır. İkinci prinsip ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi 1991-ci il Alma-Atı bəyannaməsi əsasında həyata keçirilməlidir. Üçüncü prinsip ondan ibarətdir ki, regionda kommunikasiyaların açılması, o cümlədən Ermənistan və Azərbaycanın avtomobil və dəmir yollarının açılması ölkələrin suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası prinsipləri əsasında baş verməlidir", - Paşinyan bildirib.
O qeyd edib ki, bu prinsiplər üzrə praktiki olaraq razılıq əldə olunub, «sülh sazişi imzalamaq və irəliləmək qalır». **