Türkiyədəki qaz qovşağının parametrləri Azərbaycana hələ aydın deyil, ölkə layihə haqqında əlavə məlumatlar gözləyir. Bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov “Türkmənistanın nefti və qazı” beynəlxalq konfransında jurnalistlərə deyib.
“Biz ora dəvət edilmişdik, lakin bu qovşağa kimin rəhbərlik etdiyi, tədarük ediləcək qazın həcminin komponentləri, koordinasiya prinsipləri və s. hələ məlum deyil”, - deyə o bildirib.
“Əgər bizə indi malik olduğumuzdan daha əlverişli şərtlər təqdim edirlərsə, niyə də olmasın? Ancaq digər tərəfdən, bizə malik olduğumuzdan daha sərfəli nəsə təklif etmək çətindir: bizim qazımız 25 il müddətinə “liquid market” qiymətləri ilə satılıb”, - deyə SOCAR-ın vitse-prezidenti qeyd edib.
“Əgər Türkiyə ərazisində hansısa qovşaq olacaqsa və biz də eyni ölkələrə (hazırda tədarük etmədiyimiz – İF) – Balkanlara tədarük həyata keçirə biləcəyiksə, o zaman məmnuniyyətlə”, - deyə Nəsirov bildirib.*
Xəbərlər şöbəsi