Ermənistanda gələcəkdə respublika ərazisindən keçəcək beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək üçün xüsusi bölmə yaradılacaq. Bunu Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 26-da Tbilisidə keçirilən “İpək Yolu” beynəlxalq forumunda deyib.
“Tezliklə Ermənistanın hüquq-mühafizə sistemində yaradılacaq xüsusi bölmənin məqsədi Ermənistan ərazisindən keçəcək beynəlxalq kommunikasiyaların, yüklərin, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin etmək olacaq”, - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, yollar açılmadan sülh qurmaq çətin olacaq, Cənubi Qafqaz bölgəsinin isə dayanıqlı sülhə ehtiyacı var.
“Bizim hökumətimiz “Sülh kəsişmələri” layihəsini hazırlayıb. Bu layihənin əsas mahiyyəti Ermənistan, Türkiyə, Azərbaycan, İran və Gürcüstan arasında kommunikasiyaları inkişaf etdirməkdir. Bunlar avtomobil yolları, dəmir yolları, boru kəmərləri, kabellər və elektrik xətləridir.
Ermənistanın cənub və şimalından keçən yollar artıq 30 ildir ki, regional mənada fəaliyyət göstərmir. Şərqi qərblə birləşdirən çoxsaylı yollar da fəaliyyət göstərmir və onların işə salınması Xəzər dənizinin Aralıq dənizi ilə, Fars körfəzinin isə Qara dənizlə əlaqəsi üçün səmərəli yol olacaq”, - deyə Paşinyan qeyd edib.
O qeyd edib ki, layihənin prinsipləri ondan ibarətdir ki, bütün infrastruktur onun keçdiyi ölkələrin suverenliyi əsasında fəaliyyət göstərir, hər bir ölkə öz dövlət qurumları vasitəsilə öz ərazisində sərhəd, gömrük nəzarəti həyata keçirir, təhlükəsizliyi təmin edir, bu infrastrukturlar həm beynəlxalq, həm də daxili daşımalar üçün istifadə oluna bilər, bütün ölkələr infrastrukturdan bərabərhüquqluluq və qarşılıqlılıq prinsipləri əsasında istifadə edir.*