Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və İran arasında Ermənistandan yan keçməklə İran ərazisi ilə dəmir yolunun tikintisi layihəsinə münasibət bildirib.
“Şimal-Cənub” dəhlizinə gəlincə, burada tamamilə normal qarşılıqlı əlaqə qurulur. Bundan başqa, bildiyiniz kimi, Azərbaycan və İran artıq Ermənistandan yan keçməklə Araz çayının cənub sahilindən keçəcək avtomobil yolunun tikintisinə başlayıb və Ermənistandan yan keçməklə İran ərazisindən dəmir yolunun tikintisi haqqında memorandum imzalayıb”, - deyə Overçuk jurnalistlərə bildirib.
O qeyd edib ki, Ermənistandan yan keçməklə İran vasitəsi ilə Naxçıvana, Türkiyə ilə sərhədə yolun çəkilməsi variantı Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir.
“Qiymətləndirmələrimizə görə, Ermənistan ərazisindən keçən dəmir yolu 42 km, İran ərazisindən isə təxminən 50 km olacaq. Bütün fərq budur: iki körpü və 8 km”, - deyə Rusiya baş nazirinin müavini bildirib.
O, həmçinin Ermənistanın Mehridən yolun tikintisi vasitəsilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirakı məsləsini də şərh edib. Overçukun sözlərinə görə, layihədə Zəngəzur məntəqəsi hazırda Ermənistanın dəqiq mövqeyinin olmaması səbəbindən nəzərdən keçirilmir.
“Hazırda Ermənistan “Şimal-Cənub” dəhlizinin bir hissəsi deyil. Onların Mehridən tikilməsi planlaşdırılan yolla bağlı hələ dəqiq mövqeyi yoxdur”, - deyə baş nazirin müavini əlavə edib.*