Azərbaycan hökuməti yaxın 2-3 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidroelektrik stansiyaların ümumi gücünü 500 meqavata çatdırmağı planlaşdırır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”, - Əliyev cümə axşamı 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib.
Prezident əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyaları istismara verilib.
“Bu ilin sonuna kimi bu göstərici 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaq”, - o vurğulayıb. **
N.Abbasova