İranın xarici işlər nazirinin müavini Əli Bağeri Kəni oktyabrın 26-da Rusiya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb, Fələstin-İsrail münaqişəsi zonası, Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyət, İranın nüvə sazişi və Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə edilib. Bu barədə RF XİN-dən məlumat verilib.
İranlı diplomat Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə məsləhətləşmələr aparıb. Məsləhətləşmələr zamanı Cənubi Qafqazda mövcud vəziyyət müzakirə edilib.
“Oktyabrın 23-də Tehranda keçirilmiş Cənubi Qafqaz üzrə “3+3” regional məşvərət platformasının nazirlər görüşünün nəticələri nəzərə alınmaqla regionda vəziyyətin sabitləşdirilməsi üçün çoxtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.*