Moskva-Gəncə reysini yerinə yetirən təyyarə Volqoqrad Hava Limanına təcili eniş etməyə məcbur olub.
Rusiya mətbuatına əsasən, Azərbaycana uçan təyyarənin göyərtəsində sərnişinlərdən birinin səhhətində problem yaranıb. Hava gəmisinin komandiri Volqoqradda eniş etmək üçün sorğu göndərib. Təyyarə yerli vaxtla saat 13:55-də Volqoqrad Beynəlxalq Hava Limanına enib.
Qeyd olunur ki, təyyarənin enişi zamanı hava limanına təcili yardım maşını gəlib. Təyyarədə olan 29 yaşlı kişi huşunu itirib. Anestezioloji-reanimasiya briqadası hava gəmisinin salonunda sərnişinə yardım göstərib.
“Daha sonra həmin şəxs Volqoqradın 25 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Məlumata görə, pasiyent müayinədən sonra ambulator müalicəyə göndərilib”, - Volqoqrad vilayəti Təcili Tibbi Yardım Xidmətindən qeyd olunub.
Təyyarə Bakı vaxtı ilə saat 16:37-də Volqoqraddan Azərbaycana uçub. **
V.Əliyev