Moskva əmindir ki, Mahaçqala aeroportunda baş vermiş kütləvi iğtişaşlar kənardan təşkil edilmiş planlı təxribatdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Dağıstan Respublikasında baş vermiş kütləvi iğtişaşlar Rusiya Federasiyası xalqının ahəngdar inkişafına və etno-konfessional birliyinə xələl gətirməyə yönəlmiş kənardan planlaşdırılmış və həyata keçirilmiş təxribatın nəticəsidir”, - deyə o, jurnalistlərə bildirib.
Zaxarova hesab edir ki, iğtişaşlar Rusiyada daxili siyasi vəziyyəti pozmaq üçün dəfələrlə açıq-aşkar ekstremist və terrorçu üsullara əl atanlar tərəfindən təşkil edilib.
Bundan əvvəl Rusiya İstintaq Komitəsi bildirmişdi ki, oktyabrın 29-da axşam saatlarında naməlum şəxslər Uytaş hava limanı (Mahaçqala) ərazisində olub, onların hərəkətləri iğtişaşlar və zorakılıqla müşayiət edilib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərilib. Həmin şəxslər hava limanının mühafizə zonasına, sonra isə uçuş-enmə zolağına daxil olub, orada soyğunçuluq törədiblər.
Kütləvi iğtişaşlar maddəsi ilə cinayət işi açılıb. Daxili İşlər Nazirliyi iğtişaşların 150-dən çox fəal iştirakçısının müəyyən edildiyini, onlardan 60-nın saxlanıldığını bildirib.*