Çərşənbə axşamı müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqone ilə görüşüb.
“İki ölkə ordularının Baş Qərargah rəisləri arasında təkbətək və geniş tərkibdə görüş keçirilib”, - “İnterfaks-Azərbaycan” Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Vəliyev Azərbaycan Ordusunda yeni texnologiyaların tətbiqi və kibertəhlükəsizlik sahəsində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.
Draqone, öz növbəsində, hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.
“Görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa söykənən hərbi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb. Tərəflər Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər”, - nazirliyin məlumatında qeyd olunur. **
X.Nəsirzadə