“Bakı Metropoliteni” QSC 2024-cü ildə bütün stansiyalarda olan 500-dən artıq turniketdə QR bilet sistemi tətbiq etməyi planlaşdırır. Bunu qurumun sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.
“Hazırda Bənövşəyi xətdə işlər davam edir, Yaşıl və Qırmızı xətlərdə isə mərhələ ilə bu sistemin tətbiqinə başlamışıq. Şəhər nəqliyyat sistemində bu layihəni həyata keçirən icraçı təşkilat əsas işləri bu il tamamlayacaq. Gələn ilin ilk rübündə bütün stansiyalarda olan ümumən 500-dən artıq turniketdə QR bilet sistemi tam tətbiq olunacaq”, - deyə o bildirib.
Sədr müavini vurğulayıb ki, “QR bilet sisteminin tətbiqində tələsməməyimizin əsas səbəbi mümkün texniki natamamlığın olmamasıdır”.
“Təsəvvür edin ki, sərnişini sıx olan stansiyalarda kiçik bir problemin olması yetər ki, sərnişin narazılığı və ümumən, bu sistemə münasibət mənfi olaraq formalaşsın”, - deyə Məmmədov vurğulayıb.
O əlavə edib ki, Bakı Metropoliteni artıq digər münasib ödəmə üsullarının tətbiqi üzərində də işləyir.
“Artıq digər münasib ödəmə üsullarının tətbiqi də reallıqdır. Gələn il bu istiqamətdə də xəbərləri eşidəcəksiniz. Bunun üzərində fəal iş aparılır”, - deyə sədr müavini bildirib.
O xatırladıb ki, Bakı metrosunda bir gediş haqqı 40 qəpikdir ki, bu da bir sərnişinin daşınmasının maya dəyərindən aşağıdır. Metropolitenin isə ən əsas gəliri məhz sərnişindaşımadandır.
“Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil. Həm də o da sirr deyil ki, metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur. Bunlara rəğmən gördüyümüz yeniliklər və optimallaşma tədbirləri, ən mühüm də sərnişinin sayının artması sayəsində 2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi.(...) Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub”, - deyə Məmmədov qeyd edib.
O əlavə edib ki, 2022-ci ildə metropolitendə olan reklamlardan əldə edilən gəlir bütün gəlirlərin cəmi 3%-ni təşkil edib.
Qurumun metroda gediş haqqının artırılması ilə bağlı hökumətə müraciətinə toxunan sədr müavini qeyd edib ki, Azərbaycan Prezidentinin 2 sentyabr 2023-cü il tarixli fərmanına uyğun olaraq rəqəmsal inkişaf və nəqliyyat sahəsində tarif siyasəti ilə müvafiq nazirlik məşğul olur.
“Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bakı Metropoliteni” QSC ilə fəal iş aparır”, - deyə Məmmədov vurğulayıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir. Bakı Metropolitenində sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
N.Abbasova