İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Dubay Beynəlxalq Palatasının nümayəndələri arasında görüş keçirilib, Azərbaycan və BƏƏ iş adamları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
“İnterfaks-Azərbaycan” agentliyi AZPROMO-ya istinadən xəbər verir ki, görüşdə tərəflər birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıblar. Bildirilib ki, ticarət, investisiya, nəqliyyat-logistika sektorlarında tərəfdaşlığın intensivləşdirilməsi və yeni biznes imkanlarının öyrənilməsi üçün geniş perspektivlər mövcuddur.
Qeyd edilib ki, Azərbaycan şirkətləri 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinə təşkil olunacaq ixrac missiyasında və Dubay şəhərində keçiriləcək “Gulfood 2024” beynəlxalq qida sərgisində iştirak edəcək.
Bundan başqa, BƏƏ şirkətlərindən ibarət nümayəndə heyətinin gələn il Azərbaycana işgüzar səfəri planlaşdırılıb.
“Görüşdə Dubay şirkətləri ilə üçüncü ölkələrdən Azərbaycana investisiyaların yatırılması istiqamətində birgə işlərin görüləcəyinə dair razılıq əldə olunub”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov