“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) üç “Airbus A320” təyyarəsini lizinqə götürəcək. Bu barədə aviadaşıyıcının məlumatında deyilir.
“AZAL Litvanın “GetJet Airlines” şirkəti ilə üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair saziş imzalayıb. Saziş çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Aviaşirkət qeyd edir ki, “GetJet Airlines”la əməkdaşlıq sərnişinlərin artan tələbatlarının ödənilməsinə yönəlib.
“Marşrut şəbəkəsi və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə etməyi planlaşdırır”, - deyə məlumatda qeyd olunur.
Lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir.
“GetJet Airlines” aviaşirkəti IOSA sertifikatına malikdir və ACMI daşımaları və çarter reysləri üzrə ixtisaslaşıb.*
N.Abbasova