“AzerGold” QSC sikkə kolleksiyasının istehsalında “Smartminting” inqilabi texnologiyanı tətbiq etməyi planlaşdırır. Bu barədə QSC-nin məlumatında deyilir.
“AzerGold” QSC-nin Satış və mübadilə mərkəzində Lixtenşteyn Knyazlığınının “CIT Coin Invest AG” şirkətinin rəhbər heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə müasir numizmatika sahəsində inqilabi texnologiya hesab edilən “Smartminting” prosesinin yaradıcısı və sözügedən texnologiya üzrə patent sahibi olan beynəlxalq şirkətlə əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, “AzerGold” 2019-cu ildən etibarən pərakəndə satış bazarına təqdim etdiyi qızıl sikkə çeşidlərininin hazırlanmasında müasir və alternativ istehsal həlli olan “Smartminting” texnologiyasının üstünlüklərindən faydalanmaq niyyətindədir.
“Görüşdə bildirilib ki, “Smartminting” texnologiyasının ən böyük üstünlüyü qeyri-adi, mürəkkəb dizaynların detallarını dəqiqliklə əks etdirmək, 3 ölçülü və daha qabarıq formalarda relyefli sikkələri istehsal etməkdir. Bu texnologiya əsasında hazırlanacaq məhsulların digər sikkə çeşidləri kimi alıcıların yüksək marağına səbəb olacağına əminlik ifadə edilib”, - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən yerli pərakəndə satış bazarı üçün qızıl və gümüşdən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilib.*
N.Abbasova