Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlayıb.
“Təlimin növbəti mərhələsi idarəetmə məntəqlərinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib”, - deyə məlumatda bildirilir.
Taktiki fəaliyyətlərin praktiki icra mərhələsində artilleriya bölmələri düşmənin ön xətt və dərinlikdə yerləşən mövqelərinə atışlar icra ediblər.
“Artilleriyanın döyüş atışlarından sonra xüsusi təyinatlı qruplara düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və vacib obyektlərə basqın tapşırığı verilib. Xüsusi təyinatlılarımız pilotsuz uçuş aparatları ilə mövqelərə zərbələr endirdikdən sonra basqın fəaliyyətinə başlayıb. Mövqelərə hücum zamanı müdafiədə olan bölmələrini gücləndirmək və irəliləyən bölmələrimizin hücumlarını dayandırmaq üçün hərəkətdə olan şərti düşmənin mexanikləşdirilmiş bölməsi xüsusi təyinatlı qruplar tərəfindən pusquya salınaraq məhv edilib”, - deyə nazirlikdən vurğulanıb.
Mürəkkəb və çətin dağlıq relyefdə yerləşən düşmən mövqelərinə hücum edən xüsusi təyinatlılar sızma və dağdan enmə faəliyyətlərini icra edərək mövqeləri ələ keçirib və düşmənin canlı qüvvəsini məhv ediblər.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.*
B.Rüstəmbəyov