2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayına qədər Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 1,9% artaraq 1,3 milyard funt sterlinq təşkil edib.
Böyük Britaniyanın Biznes və Ticarət Departamentindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hesabat dövründə Britaniyadan Azərbaycana ixrac 892 milyon funt sterlinq (azalma 2,8%) təşkil edib. Böyük Britaniyadan Azərbaycana mal ixracı 35,3% - 525 milyon funt sterlinqə qədər artıb, xidmət ixracı isə 30,8% - 367 milyon funt sterlinqə qədər azalıb.
Azərbaycandan Böyük Britaniyaya 430 milyon funt sterlinq dəyərində ixrac (artım 13,5%) həyata keçirilib. Azərbaycandan Böyük Britaniyaya mal ixracı 2,6% - 299 milyon funt sterlinqə qədər azalıb, xidmət ixracı isə 81,9% - 131 milyon funt sterlinqə qədər artıb.
Beləliklə, 2022-ci ilin iyul ayından 2023-cü ilin iyun ayına qədər Azərbaycanla idxal-ixrac münasibətlərində Böyük Britaniyanın müsbət saldosu 462 milyon funt sterlinq (azalma 14,3%) təşkil edib.
Britaniyadan ixracın strukturunda nəqliyyat vasitələri (291,8 milyon funt sterlinq və ya bütün əmtəə ixracının 55,6%-i), elektrik generatorları (50,6 milyon funt sterlinq), içki və tütün məmulatları (37,7 milyon funt sterlinq) üstünlük təşkil edib.
Azərbaycandan Böyük Britaniyaya neft ixracı 215,6 milyon funt sterlinq (bütün əmtəə ixracının 72,1%-i), elektrik generatorlarının ixracı 60,8 milyon funt sterlinq, cihaz ixracı 4,7 milyon funt sterlinq dəyərində olub.
Bütövlükdə Böyük Britaniyanın xarici ticarətində Azərbaycanın payı 0,1% təşkil edib.*
R.Kərimov