Sverdlovsk vilayəti 5 il ərzində Azərbaycanla ticarət dövriyyəsini iki dəfə artırmağı planlaşdırır. Bunu vilayətin qubernatorunun müavini Vasili Kozlov bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Son illərdə Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi $100 milyon civarındadır. Bu həcmin təxminən $90 milyonu Azərbaycana tədarükün, $10 milyonu isə Azərbaycandan idxalın payına düşür”, - deyə Kozlov bildirib.
Onun sözlərinə görə, Azərbaycandan əsasən meyvə və tərəvəz tədarük olunur və Sverdlovsk vilayəti tədarük həcmlərinin artırılmasında maraqlıdır.
Qubernatorun müavini “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq vurğulayıb ki, “növbəti beş ildə Azərbaycanla ticarət dövriyyəsinin iki dəfə artırılması planlaşdırılır”. “Bundan başqa, biz ixrac və idxal həcmlərində mövcud disbalansı azaltmaq istəyirik”, - deyə Kozlov qeyd edib.
Onun sözlərinə görə, Sverdlovsk vilayətinin nümayəndə heyəti Azərbaycan İqtisadiyyat Nazirliyində görüş keçirəcək. Görüşdə gələcək əməkdaşlığa dair məsələlərin geniş spektri, o cümlədən tibbi avadanlıqların istehsalının təşkili imkanları müzakirə olunacaq.
“Bu məsələdə məhsulların sertifikatlaşdırılması ilə bağlı nüanslar var. Bundan başqa, biz qonşu ölkələrə də ixrac təşkil etmək istəyərdik”, - deyə Kozlov əlavə edib.*
B.Rüstəmbəyov