Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sentyabr-oktyabr aylarında valyuta bazarına alışyönümlü müdaxiləni intensivləşdirib. Bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AMB cari ilin 10 ayı ərzində valyuta bazarında əməliyyatlar çərçivəsində $1,2 milyard məbləğində xarici valyuta alıb. Bu məbləğin 95%-i yanvar-oktyabr aylarının payına düşüb.
Kazımov qeyd edib ki, Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib.
O vurğulayıb ki, AMB-nin valyuta bazarında apardığı əməliyyatlar manatın məzənnəsinin sabitliyinin təmin edilməsinə yönəlib.
AMB sədri əlavə edib ki, belə vəziyyət pul bazasının da artmasına səbəb olur. Kazımov vurğulayıb ki, Mərkəzi Bank cari ildə pul bazasının 20%-dən çox artacağını gözləyir ki, bu da növbəti illərdə inflyasiyanın potensial artımı ilə nəticələnə bilər.
Xəbər verildiyi kimi, AMB 2022-ci ildə valyuta bazarına müdaxilələr çərçivəsində $2 milyard 48 milyon məbləğində xarici valyuta alıb ki, bu da 2021-ci illə müqayisədə 8,3 dəfə çoxdur.*
X.Nəsirzadə